Vüsal həmişə deyirdi ki, Ratatuy adlı yemək mütləq mövcüddur, mənsə onu inandırmışdım ki, bu, sadəcə cizgi filmidir. Lakin yeni aldığım bir neçə yemək kitabında bu yeməyə rast gəldikdən sonra Vüsalın haqlı olduğunu anladım :)
Ratatuy adını gördükdə fərqli bir yemək olacağını düşündüm, resepti oxuduqca gördüm ki, bildiyimiz həftəbecərdən çox az fərqlənir. Amma çox dadlı idi. Tərkibi aşağıdakı kimi:
1 iri badımcan, 1iri kabak, 1 iri soğan, 1 qırmızı bibər, 1 yaşıl bibər, 2 pomidor, 1 diş xırdalanmış sarımsaq, 2 xörək qaşığı keşniş yarpağı, 1 xörək qaşığı tomat püresi, duz və istiot |
Badımcan və kabakı yuxarıdakı şəkildəki kimi iri hissələrə doğrayıb duzladım və yarım saatlıq kənara qoydum. Bu vaxt ərzində bibərləri uzunsov, soğanı yarımhalqa və pomidoru qabığını soyaraq xırda formada doğradım. Yarım saatdan sonra badımcan və kabakları soyuq suda yaxşı yuyub mətbəx kağızının üzərinə qurumaları üçün düzdüm.
İri tavada zeytun yağını isidib badımcan, kabak, bibər və soğanları əlavə edib arabir qarışdıraraq 10 dəqiqə bişirdim. Sonra pomidor, keşniş yarpağı, duz və istiot qatdım və tərəvəzlərdən ayrılan su qaynayanadək tez-tez qarışdırdım. Nəhayət tomat püresini də əlavə edib tavanın qapağını örtərək yarım saat aşağı hərarətdə bişməyə qoydum. Sonra qapağı götürərək daha 10 dəqiqə bişirdim və ratatuy hazır oldu.
Nuş olsun!
photos © vhsoy
No comments:
Post a Comment