Monday, 26 March 2012

Kartof qratin

On gündən artıqdır ki bloqumu yeniləmədiyimin fərqinə vararaq sizə asan və çox dadlı bir yemək təqdim edirəm. 
2-3 ədəd soyulub doğranmış orta boy kartof, 1 diş sarımsaq, 3 xörək qaşığı sürtgəcdən keçirilmiş holland pendiri,  1 stəkan yarım tərəvəz bulyonu, duz və istiot

Sarımsağı iki hissəyə bölərək sobayadavamlı qabın içərisinə bir neçə dəqiqə ərzində sürtdüm. Kartofların yarısını qaba düzüb üzərinə azca holland pendiri, duz və istiot səpdim. Üzərindən bulyonun yarısını əlavə etdim. Qalan kartofları da eyni qaydada düzüb holland pendiri, duz, istiot və bulyonla tamamlayaraq öncədən 200 dərəcədə isidilmiş sobaya bişməyə qoydum. Kartofların bişməsindən asılı olaraq 1 saat 15 dəqiqə və ya 1 saat yarım müddətində qratin hazır olur.
Nuş olsun!

photos © vhsoy

Saturday, 10 March 2012

Kələm, yerkökü və albuxara salatı

Bu da ikinci salat:
Doğranmış bir xırda kələmin yarısı, 2 sürtgəcdən keçirilmiş yerkökü, yarım stəkan doğranmış albuxara (və ya quru üzüm), yarım baş doğranmış soğan (bu dəfə təzə soğandan istifadə etmişəm), 1 çay qaşığı sürtgəcdən keçirilmiş limon qabığı 
Bütün ərzaqları yaxşıca qarışdırıb salatı hazırladım. İstəyə uyğun olaraq üzərinə ilk salatda təqdim etdiyim sousdan da əlavə etmək olar.
Nuş olsun!

Toyuq və kahı salatı

İki salat resepti təqdim edirəm sizə bu dəfə. Əgər mənim kimi kalori ölçürsünüzsə, düşünürəm ki, faydalı olacaq.
Birinci salatım toyuq və kahı:
Bir kiçik parça qaynadılmış və doğranmış toyuq filesi, iri doğranmış bir neçə kahı yarpağı, sürtgəcdən keçirilmiş holland pendiri
Sous üçün: 100ml alma sirkəsi, 1 xörək qaşığı tomat püresi, 2 çay qaşığı soya sousu, 1 diş xırdalanmış sarımsaq, duz və istiot 
İlk öncə sous üçün lazım olan ərzaqları yaxşı qarışdırdım. Sonra toyuq, kahı və pendiri bir neçə dəqiqə qarışdırıb üzərinə sousu əlavə etdim.
Nuş olsun!

Thursday, 8 March 2012

Ratatuy və ya həftəbecər :)

Vüsal həmişə deyirdi ki, Ratatuy adlı yemək mütləq mövcüddur, mənsə onu inandırmışdım ki, bu, sadəcə cizgi filmidir. Lakin yeni aldığım bir neçə yemək kitabında bu yeməyə rast gəldikdən sonra Vüsalın haqlı olduğunu anladım :) 
Ratatuy adını gördükdə fərqli bir yemək olacağını düşündüm, resepti oxuduqca gördüm ki, bildiyimiz həftəbecərdən çox az fərqlənir. Amma çox dadlı idi. Tərkibi aşağıdakı kimi: 
1 iri badımcan, 1iri kabak, 1 iri soğan, 1 qırmızı bibər, 1 yaşıl bibər, 2 pomidor, 1 diş xırdalanmış sarımsaq, 2 xörək qaşığı keşniş yarpağı, 1 xörək qaşığı tomat püresi, duz və istiot

Badımcan və kabakı yuxarıdakı şəkildəki kimi iri hissələrə doğrayıb duzladım və yarım saatlıq kənara qoydum. Bu vaxt ərzində bibərləri uzunsov, soğanı yarımhalqa və pomidoru qabığını soyaraq xırda formada doğradım. Yarım saatdan sonra badımcan və kabakları soyuq suda yaxşı yuyub mətbəx kağızının üzərinə qurumaları üçün düzdüm. 
İri tavada zeytun yağını isidib badımcan, kabak, bibər və soğanları əlavə edib arabir qarışdıraraq 10 dəqiqə bişirdim. Sonra pomidor, keşniş yarpağı, duz və istiot qatdım və tərəvəzlərdən ayrılan su qaynayanadək tez-tez qarışdırdım. Nəhayət tomat püresini də əlavə edib tavanın qapağını örtərək yarım saat aşağı hərarətdə bişməyə qoydum. Sonra qapağı götürərək daha 10 dəqiqə bişirdim və ratatuy hazır oldu.
Nuş olsun!

photos © vhsoy

Tuesday, 6 March 2012

Flamand üsulu mal əti

Keçən günlərdə rast gəldiyim bu resept fərqliliyi ilə diqqətimi cəlb etdi. 
Flamandların tarixi VI-VII əsrlərə kimi dayanır və əsasən Belçika və Fransa ərazisində yaşayıblar. Hal hazırda Belçikanın almanca danışan əhalisinin dili flamand adlandırılır. Onların bu maraqlı yeməyini sizinlə də bölüşürəm. Hazırlanması və bişməsi ümumilikdə 3 saatadək vaxt aparacaq bu təamın tərkibi aşağıdakı kimidir:
Hərəsi 200 qram olan 2 mal əti parçası, 2 doğranmış soğan, 4-5 ədəd doğranmış göbələk, 2 xörək qaşığı un, 1 çay qaşığı şəkər, 200 ml pivə, 200 ml mal əti bulyonu, yarım stəkan keşniş yarpağı, yarım stəkan ispanaq, 4 dilim çörək, duz və istiot

Mal ətlərini ortadan iki hissəyə böldüm və 4 tikə alındı. Onları soba tavasında (əslində sobaya davamlı saxsı qazanda bişirmək lazımdı, mənim elə qazanım olmadığı üçün soba tavasını seçdim) qazın üstündə və yüksək hərarətdə zeytun yağında hər iki tərəfi tündləşənədək qızartdım. Sonra ətləri kənara qoyub qazın hərarətini nisbətən azaldıb eyni tavaya soğan və göbələkləri əlavə edib soğanlar yumşalanadək bişirdim. Tavanı qazın üzərindən kənara çəkib un və şəkəri qarışıma əlavə edib bir neçə dəqiqə qarışdırdım. Yenidən tavanı qazın üzərinə gətirib daha 1 dəqiqə qarışdırdım və tədricən pivəni əlavə etdim. Pivə qaynamağa başladıqda ətləri yenidən tavaya qoyub üzərinə bulyonu tökdüm. Keşniş və ispanaq yarpaqları və duz-istiot da üzərindən əlavə edib 160 dərəcə öncədən isidilmiş sobaya tavanın qapağını örtərək bişməyə qoydum.   

 1saat yarımdan sonra tavanı sobadan çıxartdım. Hər bir ət tikəsinin üzərinə bir dilim çörək qoydum. Çörəklərin üzərinə zeytun yağı (əslində çörək dilimlərinin üzərinə kərə yağı çəkmək lazımdır) əlavə etdim və qapaqsız tavanı daha bir yarım saat bişməyə qoydum.

Nuş olsun!

photos © vhsoy

Sunday, 4 March 2012

Karamelli peçenye topları

Anamın tez-tez hazırldığı bu şirniyyatı çox sevdiyim üçün imkan olduqca mən də çalışıram ki hazırlayım.  Cəmi 15 dəqiqə vaxt alır.  
Tərkibi: 130 qram xırdalanmış peçenye, yarım banka karamel (qaynadılmış qatılaşdırılmış süd), 50 qram kərə yağı
Peçenye, karamel və yağı xəmir kimi qarışdırdım və alınan tərkibi top formasında yumrulayaraq hazırladım.
Nuş olsun!

photos © vhsoy

Pendirli brokoli

Bu dəfə sizə vegetarian yeməyi təqdim edirəm. Bol pendirli bu təam çox doyumludur. Tərkibi belədir:
Doğranmış 1 orta boy brokoli, 1 iri doğranmış soğan, 50 qram un, 300ml süd, 100 qram kub şəklində doğranmış ağ (mozzarella) pendir, 100 qram xırdalanmış göy pendir, 1 ədəd doğranmış qırmızı bibər, 100 qram sürtgəcdən keçirilmiş holland pendiri, duz və istiot

Qaynayan duzlu suda brokoliləri yumşalanadək 10 dəqiqə ərzində qaynatdım və süzüb soyuması üçün kənara qoydum. Eyni zamanda başqa bir qazanda soğanı 3-4 dəqiqə ərzində yumşalanadək qızartdım. Üzərinə unu əlavə edib qarışdırdım və qazın üzərindən kənara çəkib qarışdıra-qarışdıra südü əlavə etdim. Soğan və süd tam qarışdıqdan sonra qazanı qazın üstünə gətirib süd qaynayıb qatılaşanadək qarışdırdım. Üzərinə ağ və mavi pendiri, qırmızı bibəri, duz və istiotu əlavə edib qarışdırmağa davam etdim. Daha sonra soyumuş brokoliləri də əlavə edib daha bir neçə dəqiqə tərkib yaxşı qarışanadək qarışdırdım. 
Alınmış qarışığı soba qabına əlavə edib üzərinə holland pendirini tökdüm və 200 dərəcə öncədən isidilmiş sobaya 10-15 dəqiqə müddətində bişməyə qoydum. 

Nuş olsun!


photos © vhsoy

Saturday, 3 March 2012

Lobyalı gül kələmi şorbası

Bu gün sizə yeni bir şorba təqdim edirəm. Həm ləzzətli həm də xeyirli olan bu şorbanın tərkibi aşağıdakı kimidir:
1 kiçik gül kələmi, 1 orta baş doğranmış soğan, 1 diş sarımsaq, 400 qram konservləşdirilmiş ağ lobya, 1litr tərəvəz bulyonu və ya su, yarım stəkan keşniş yarpaqları, duz və istiot

Soğan və sarımsağı zeytun yağında 5 dəqiqə ərzində bişirdim. Üzərinə gül kələmi, lobyanın yarısını və bulyonu əlavə edib qaynamağa qoydum. Qaynadıqdan sonra qazın hərarətini azaldıb 10 dəqiqə ərzində gül kələmi yumşalanadək saxladım. Sonra şorbanı blenderdə qarışdırıb yenidən qazana qaytardım. Lobyanın qalanını da üzərinə əlavə edib keşniş yarpaqları, duz və istiot qataraq aşağı hərarətdə bir neçə dəqiqə bişiridm. Şorba hazır oldu.
Nuş olsun!


photos © vhsoy