Wednesday, 29 February 2012

Soğan piroqu

Bu yaxınlarda aldığım maraqlı yemək kitablarından birində ani olaraq diqqətimi cəlb edən bu təama rast gəldim. Bişirdikdən sonra seçimimdə yanılmadığımı görüb resepti sizinlə bölüşmək istəyirəm:
Tərkibi: 1) Xəmir: 175 qram un, yarım çay qaşığı duz, 100 qram kərə yağı və 1 yumurta sarısı
2) İçi: 3 orta soğan, 1 çay qaşığı un, 2 ədəd qarışdırılmış yumurta, 50 qram sürtgəcdən keçirilmiş holland pendiri, 100ml qaymaq, duz və istiot

Öncə xəmiri hazırladım. Bunun üçün unla duzu qarışdırıb yağı əlavə etdim və un çörək qırıntısına oxşayanadək sürtələdim. Sonra una yumurta sarısını və 3-4 çay qaşığı su qatıb bərk xəmir əmələ gələnədək yoğurdum və üzərini örtərək 30 dəqiqəlik kənara qoydum.
Piroqun içi üçün aypara şəkilində doğradığım soğanları yağda 10-12 dəqiqə ərzində yumşalanadək bişirib soyuması üçün kənara qoydum.
Hazırladığım və yumru formada açdığım xəmiri soba qabının içinə yaydım və üzərini yağkeçirməz kağızla örtüb 200 dərəcə öncədən isitdiyim sobada 15 dəqiqə müddətində bişməyə qoydum. 15 dəqiqə sonra kağızı üzərindən götürüb və sobanın hərarətini 180 dərəcəyədək azaldıb daha 5 dəqiqə bişiridm.
Kənarda soyumuş soğanları un, yumurtalar, pendir, qaymaq, duz və istiotla qarışdıraraq xəmirin üzərinə əlavə edib sobanın hərarətini yenidən 200 dərəcəyədək artıraraq bişməyə qoydum.

25-30 dəqidə ərzində piroq hazır oldu. Nuş olsun! 



photos © vhsoy


Friday, 24 February 2012

Keşnişli yerkökü şorbası

Əlvan şorbalar seriyasının davamı olaraq bir neçə gün öncə bişirdiyim yerkökü şorbasını təqdim etmək istəyirəm sizə. Hazırlanması son dərəcə sadə olan şorbanın tərkibi belədir: 
Yarım baş doğranmış soğan, 2 ədəd xırda kartof, 4 ədəd yerkökü, 800ml toyuq bulyonu, yarpaqları saplağından ayrılmış 2-3 çay qaşığı keşniş, 100 ml süd, duz və istiot

Soğanları yağda 3-4 dəqiqə ərzində yumşalanadək qızartdım. Üzərinə kub şəklində doğradığım kartofları əlavə edib bir neçə dəqiqə saxladım və doğradığım yerköküləri də qataraq 3-4 dəqiqə qarışdırdım. Qazanın ağzını örtərək aşağı hərarətdə 10 dəqiqə ərzində bişməyə qoydum. Arabir ərzaqlar bir-birinə yapışmasın deyə qarışdırırdım. Sonra bulyonu əlavə edib qaynatdım və qazanın qapağı yarı qapalı şəkildə daha 10 dəqiqə saxladım.
Başqa balaca qazanda keşniş yarpaqlarını yağsız 2 dəqiqə ərzində qovurdum və soyuması üçün kənara qoydum.
Hazır olmuş şorbanı blenderə töküb bir neçə dəqiqə qarışdırıb təmiz qazana əlavə etdim. Üzərinə südü, keşnişi, duz və istiot əlavə edib 2-3 dəqiqə aşağı hərarətdə bişirdim. Şorbam hazırdır. 
Nuş olsun!

Sunday, 19 February 2012

Brokoli və mavi pendir souslu pasta

Bu gün sizə italyan mətbəxindən bir təam təqdim edəcəyəm. İtalyanların sevimli pendir növü olan mavi pendir yeməyə xüsusi görkəm və ləzzət qatdı.
Tərkibi: 220 qram əriştə-pasta, 170qram saplağından ayrılmış brokoli, 100 qram mavi pendir,  200qram ağ pendir, 150ml süd, 1 xörək qaşığı un, 1 diş sarmısaq, duz, istiot 

Brokoliləri duzlu qaynayan suda 5 dəqiqə qaynatdım. Sonra onları süzüb suyu çəkilsin deyə bir kənara qoydm. Eyni zamanda duzlu və zeytun yağlı qaynayan suya pastaları əlavə edib 8-10 dəqiqə ərzində qaynamağa qoydum. Pastalar qaynayan müddətdə qazanda kərə yağını əridib üzərinə unu əlavə edib 1 dəqiqə qarışdırdım. Sonra qazanı qazın pilətəsindən kənara qoyub südü əlavə edib qarışdırdım və yenidən qazın üzərinə qoyub qaynayıb qatılaşanadək qarışdırdım. Üzərinə ağ pendiri əlavə edib pendir əriyənədək bişirdim. Daha sonra brokoliləri, doğranmış mavi pendiri, xırdalanmış sarmısağı, duz və istiotu əlavə edib tez-tez qarışdıraraq bişməyə qoydum. (Qeyd: mavi pendir duzlu olduğundan duzu mümkün qədər az əlavə etmək lazımdır.) Sousa istəyə uyğun xırdalanmış qoz da əlavə etmək olar. Mavi pendir əriyənədək sousu bişirdim. Bu zaman ərzində pasta da hazır oldu.
 
Buon appetito! :)


Sunday, 12 February 2012

Qaymaqlı ispanaq şorbası

Ötən ayların soyuq günlərindən birində içimizi isitmək üçün fərqli şorba axtararkən ABŞ-da yaşayan soydaşımız Fəridə xanımın www.azcookbook.com blogunda fərqli rəngdə olan görünüşüylə diqqətimi cəlb edən bu şorbaya rast gəldim. Son 2 həftədir ki kəskin keçən qışın bu şaxtalı günündə yenidən bu şorbaya müraciət etdim.  Tutqun qış gününə əlvan rəng qatacaq və xüsusi istilik gətirəcək 3 nəfər üçün nəzərdə tutlmuş şorbanın resepti aşağıdakı şəkildəki kimidir:  
200qr təmiz yuyulmuş ispanaq, yarım baş doğranmış soğan,  2 xörək qaşığı un,  800ml və ya 2 stəkan yarım toyuq bulyonu, 150ml qaymaq, duz, istiot

Qazanda yağı əridib soğanı əlavə edib yumşalanadək qzartdım. Üzərinə ispanağı əlavə edib onlar da yumşalanadək qarışdırdım və unu əlavə edib yenə qarışdırdım. Sonra bulyonu əlavə edib tez-tez qarışdıraraq qaynatdım. Alınan qarışığı blenderə töküb püre halına gətirdim. Şəkildəki kimi: 

Alınan püreni yenidən qazana qaytarıb zövqə uyğun olaraq duz və istiot əlavə etdim. Sonra isə qarışdıra-qarışdıra qaymağı əlavə edib aşağı istilikdə bişməyə qoydum. Qeyd etmək lazımdır ki, şorba qaynamamalıdır. Cəmi 10 dəqiqəyə şorbam hazır oldu. Nuş olsun!  


photos © vhsoy

Thursday, 9 February 2012

Ətli kartof piroqu

Bu gün dadlı və eyni zamanda hazırlanması asan olan ətli kartof piroqu hazırladım. Resepti yerli ingilis jurnalından götürdüm. 4 nəfərlik porsiya üçün:
200qr mal/qoyun əti, yarım baş soğan, 2 kiçik yerkökü, 1 xörək qaşığı un, 200ml mal əti bulyonu, 1 xörək qaşığı soya sosu, 1 xörək qaşığı tomat püresi, 1 xörək qaşığı doğranmış cəfəri, 4 orta boy kartofdan hazırlanmış püre

Bu dəfə mal ətindən hazırladığım xörəyi mal ətini çox az yağda rəngi tündləşənədək qızardaraq başladım. Üzərinə doğranmış soğan və yerkökünü əlavə edib 5 dəqiqə tavanın qapağı bağlı bişirdim. Daha sonra unu səpib yaxşıca qarışdırıb üzərinə mal əti bulyonu, soya sosunu, tomat püresini və cəfərini əlavə etdim. Zövqə uyğun duz və istiot əlavə edərək qapağı bağlı şəkildə az hərarətdə 20 dəqiqə bişməyə qoydum.
Vaxtın tamamında 200 dərəcədə öncədən isitdiyim soba tavasına ətli qarışığı üzərindən isə kartof püresini 2 qat olaraq yaydım. İstəkdən asılı olaraq pürenin üzərinə mənim kimi bir neçə kərə yağı parçası da qoya bilərsiz. Aşağıdakı şəkildəki kimi.
Sobaya qoyarkən
Xörək kartofun qızarmasından asılı olaraq 25 dəqiqə ərzində hazır oldu. Nuş olsun!


photos © vhsoy

Sunday, 5 February 2012

Yeni bloqum və fileli plov

Məni tanıyanlara çox qəribə gələcək, bilirəm. Heç zaman yemək bişirməyi sevməmişəm və bunu bacarmaq çox çətin gəlib mənə, həmişə. Son bir il ərzində bir növ gündəlik qayğı halını alan yemək hazırlamaq mənim üçün alışqanlığa çevrildi və özüm də hiss etmədən bəyənməyə başladım. Buna görə də bloq açmaq qərarına gəldim.
Bir müddət öncə anamın mənə öyrətdiyi Fileli plov adını verdiyim bu yeməyi sadə və asan olduğu üçün bloquma yerləşdirəcəyim ilk təam kimi seçdim. Həm toyuq həm də hinduşqa filesi ilə hazırlamaq olar. Bu dəfə mən hinduşqa filesini seçdim. Plovun tərkibi aşağıdakı kimidir:
 2 stəkan yuyulmuş düyü, 350qr hinduşqa filesi, 1/2 stəkan xırdalanmış qoz, yarım baş doğranmış soğan, 2 stəkan isti su, 1çay qaşığı duz.
Öncə qazanda əridilmiş yağa doğradığım soğanı əlavə edib yumşalanadək qovurdum. Üzərinə fileni töküb 5 dəqiqə bişirdim. Ardıyca düyünü, duzu, qozu və isti suyu əlavə edib 2-3 dəqiqə qarışdırıb qazanı qapağı ilə örtərək aşağı istilikdə dəmə qoydum.

30-35 dəqiqəyə hazır oldu. Nuş olsun!

photos © vhsoy