Monday, 30 April 2012

Tikə fajita

"Fahita" kimi tələffüz olunan bu Meksikan yeməyi adətən lavaşa bükülərək yeyilir. Hazırlanıb bişirilməsi asan olan və az vaxt aparan bu yeməyin tərkibi aşağıdakı kimidir:
350-400 qram uzunsov doğranmış tikə ət, aypara şəklində doğranmış 1 iri soğan,  1diş əzilmiş sarımsaq, uzunsov doğranılmış 1 yaşıl və 1 qırmızı bolqar bibəri, yarım çay qaşığı xırdalanmış raziyənə + darçın + zəncəfil, 1 çay qaşığı doğranmış keşniş, 2 çay qaşığı limon suyu, 1 xörək qaşığı zeytun yağı, istiot və ya istəkdən asılı olaraq doğranmış yaşıl acı bibər
Geniş bir tavada yağı isidib ətləri əlavə edib 10 dəqiqə ərzində qızartdım. Üzərinə soğan və sarımsağı qatıb daha 5 dəqiqə sote etdim. Daha sonra bolqar bibərlərini, ədviyyatları, keşnişi və limon suyunu da əlavə edib yenə 5 dəqiqə bişirdim.
Nuş olsun!

photos © vhsoy

Tuesday, 24 April 2012

Yaşıl salat

Yaz fəslini daha da rəngarəng etmək istəyirsinizsə bu salatı hazırlayıb dadmağı məsləhət görürəm. 
Salat: 100 qram uzun düyü, 100 qram dondurulmuş ispanaq, doğranmış 2 təzə soğan, 1 xörək qaşığı cəfəri, azca duz və istiot
Sos: yarım çay qaşığı duz, istiot, yarım çay qaşığı xardal, yarım çay qaşığı şəkər tozu, 6 çay qaşığı alma sirkəsi, 90 ml zeytun yağı 

İspanağı əridib mümkün qədər suyu çıxana qədər sıxdım və dərin bir qaba qoydum. Üzərinə xırda doğradığım təzə soğan, cəfəri, duz istiotu əlavə etdim. Sonra sos və adi qaydada süzdüyüm düyünü isti şəkildə qatıb yaxşıca qarışdırdım. Salatı soyuması üçün kənara qoydum. Tam soyuduqdan sonra soyuducuda bir neçə saat saxlayıb servis etdim.
Nuş olsun!

photos © vhsoy

Bulqur və mərci plovu

Az kalorili xörəklər silsiləsindən yeni bir təam :)
Tərkibi: nazik doğranmış 1 orta soğan, 2 diş əzilmiş sarımsaq, 1 çay qaşığı raziyanə, 1 stəkan bulqur buğdası, 1 stəkan yaşıl mərci, 120 qram doğranmış göbələk, 3 stəkan yarım toyuq bulyonu və ya su, zeytun yağı, duz və istiot (reseptdə olmasa da istəyə uyğun 100 qram doğranmış toyuq filesi)

Zeytun yağını dərin tavada isidib soğan, sarımsaq və raziyanəni əlavə edib bir neçə dəqiqə qızartdım. Üzərinə bulquru əlavə edib bulqur azca tündləşənədək daha 2-3 dəqiqə qarışdırdım. Bulyon, toyuq əti, göbələk və mərcini əlavə etdim. 
25-30 dəqiqə ərzində aşağı hərarətdə bulqur və mərci yumşalıb su çəkilənədək bişirdim. (Qeyd. Lazım gələrsə artıq bulyon və ya su əlavə etmək olar)
Duz və istiot əlavə edib yaxşıca qarışdırdım və xörək hazır oldu.
Nuş olsun!

photos © vhsoy

Thursday, 12 April 2012

Badımcan dolması

Bu gün təqdim etdiyim ikinci yemək badımcan dolmasıdır amma bizim bildiyimiz badımcan dolmasından fərqlidir. Resepti gotürdüyüm kitabda Aralıq dənizi sahili ölkələrinə məxsus təam olduğu vurğulanmışdı. Tərkibi aşağıdakı şəkildəki kimi:
2 badımcan, 1 xırdalanmış orta soğan, 250 qram çəkilmiş mal əti, 1 çay qaşığı kəklikotu, 1 xörək qaşığı cəfəri, 3 xörək qaşığı quru çörək qırıntıları (suxari), 1 diş sarımsaq, 1 xörək qaşığı tomat püresi, 50 qram sürtgəcdən keçirilmiş holland pendiri, 1 halqa şəklində doğranmış pomidor, zeytun yağı, duz və istoit

Sobanı 200 dərəcə isitdim. Badımcanları uzununa iki hissəyə bölüb üzərinə duz səpdim və hər badımcanın üzərinə 2 çay qaşığı zeytun yağı əlavə edib 25-30 dəqiqə müddətində sobada bişməyə qoydum. 
Ayrı tavada soğanı zeytun yağında 4-5 dəqiqə sote etdim. Üzərinə mal ətini əlavə edib bişirdim. 
Badımcanlar 25-30 dəqiqə ərzində yumşalıb hazır olduqdan sonra sobadan çıxarıb içlərini qaşıqla götürüb mal əti və soğan qarışığına əlavə edib 2-3 dəqiqə bişiridim. Sonra kəklikotu, cəfəri, çörək qırıntıları, sarımsaq, tomat püresi, duz və istiotu əlavə edib daha bir neçə dəqiqə qarışdırdım. Alınan qarışığı badımcanların içinə yığdım. Onların da üzərinə halqa şəklində doğradığım pomidorları düzdüm və holland pendiri səpdim.
Tavanı yenidən sobaya qoyub 15 dəqiqə və ya pendir əriyənədək bişiridm.

Nuş olsun!

photos © vhsoy

Göbələkli əriştə

Uzun müddətdir ki bloqumu yeniləyə bilmirdim. Bu münasibətlə iki təam yerləşdirəcəm bu gün bloquma. Birinci təam göbələkli əriştədir.  
(təəssüf ki cəmi 1şəkil yerləşdirə biləcəm)

Tərkibi: 200 qram doğranmış göbələk, 200 qram əriştə (quru), 1 xırdalanamış balaca soğan, 2 diş əzilmiş sarımsaq,  100ml tərəvəz bulyonu, 2 çay qaşığı tomat püresi, 1 çay qaşığı soya sosu, 2 xörək qaşığı xırdalanmış cəfəri, 1 çay qaşığı kəklikotu, duz və istiot
Qazanda soğan və sarımsağın üzərinə tərəvəz bulyonunu əlavə edib qazanın qapağını örtərək 5 dəqiqə bişiridim. Üzərinə göbələk (Qeyd. Eyni anda bu xörəyə müxtəlif növ göbələklər qatmaq olar. Mən sadəcə şampinyon göbələyindən istifadə etmişəm), tomat püresi və soya sosunu əlavə edib yenidən qapağı örtüb daha 5 dəqiqə bişirdim. (Qeyd. İstəkdən asılı olaraq xörəyə ağ və ya qırmızı şərab qatmaq olar)
Sonra qapağı götürüb maye yarıyadək buxarlanana qədər qarışığı qaynatdım. Cəfəri, kəklikotu, duz və istiot əlavə edib bir neçə dəqiqə qarışdırdım və hazır oldu.
Ayrıca bir qazanda duzlu suyu qaynadıb əriştəni 2-5 dəqiqə müddətində qaynatdım. Yaxşı süzdükdən sonra göbələkli qarışımı əriştənin üzərinə töküb qarışdırdım və təam hazır oldu.
Nuş olsun!

photos © vhsoy