Monday, 10 September 2012

Kəsmikli banan

Bu gün bir çoxumuzun sevdiyi kəsmikli bananın hazırlanmas üsulunu sizə təqdim edirəm. Bu günlərdə hazırladığım bananlar dadına görə məni çoxlu tərif sahibi elədiyinə görə sizə də tez biz zamanda bişirməyi məsləhət bilirəm :)
Xəmir: 4  stəkan un, 200 qram kərə yağı, 200 qram xama (və ya qatıq), 1 paçka qabartma tozu, azca duz
İç: 2 paçka kəsmik, 100 qram kərə yağı, 1 stəkan şəkər, 1 stəkandan azca aşağı un və istəyə uyğun vanil tozu

İlk öncə xəmiri hazırladım. Xəmir ələ yapışmayan yumşaq olanadək yoğurdum və soyuducuya qoydum. Bu müddət ərzində içi hazır etdim. 
Xəmiri qozdan 1 azca böyük olaraq yumrulayıb kiçik kündələr düzətdim. Sonra onları yayıb içinə 1 xörək qaşığı kəsmikli qarışığdan yerləşdirdim və kənarlarını birləşdirdim (kənarları birləşən tərəf altda qalmalıdır). Xəmiri bumeranq formasına salıb 200 dərəcə öncədən isitdiyim sobada 15-20 dəqiqə müddətində bişməyə qoydum.

Bananlarım hazır oldu.
Nuş olsun!

Monday, 3 September 2012

Banan və manqo kokteyli

Yay fəslinin son günlərinə günəş rəngi qatacaq bir kokteyl var sırada. Çox ləzzətlidir, hazırlamağı tövsiyyə edirəm :)
Tərkibi: 1 kiçik manqo, 1 kiçik banan, 150ml süd, 120ml portağal şirəsi, 2 çay qaşığı limon suyu, 1 xörək qaşığı şəkər

Qabıqlarını soyub doğradığım banan və manqonu blenderə qoyub üzərinə portağal şirəsi, limon suyu və şəkəri əlavə edib 30 saniyə blenderin ən yüksək sürətində qarışdırdım.
Kokteyl hazır oldu.
Nuş olsun!

Qarğıdalılı kartof kotleti

Bu gün sizə tərkibinə qarğıdalı qatılmış ənənəvi kartof kotletini təqdim edirəm.
Tərkibi: 450 qram sürtgəcdən keçirilmiş kartof, 1 orta boy sürtgəcdən keçirilmiş soğan, 200 qram konservləşdirilmiş qarğıdalı, 50 qram un, 1 ədəd çırpılmış yumurta, 4 xörək qaşığı süd, tərəvəz yağı, duz və istiot

Dərin bir qabda unu, yumurtanı, südü, duz və istiotu yaxşıca qarışdırıb bir kənara qoydum. Sürtgəcdən keçirdiyim kartofu pambıq parçanın içinə qoyub parçanı hər iki tərəfdən (konfet kağızı formasında) sıxaraq kartofun acı suyunu çıxardım. Sonra kartof, soğan və qarğıdalını qarışığa əlavə edib qarışdırdım. 
Tərkibdən 1 xörək qaşığı isidib yağ vurduğum tavaya əlavə etdim. Kotletin hər iki üzü qızaranadək təxminən 3-4 dəqiqə bişirdim.
Nuş olsun!