Sunday, 21 July 2013

Göbələk piroqları

Sizlərə bu dəfə fransızların bir çörək növündən hazırlanan çox asan bir təam təqdim edirəm. Fransız mətbəxində çörək seçimi çox genişdir. Bu çörəyi isə baguette (baqet) adlandırırlar. Çörək arası sevənlərin sevimli seçimi olan baguett-in göbələklə kombinasiyası çox ləzzətli alındı.

Tərkibi: 1 kiçik bagguet çörək, zeytun yağı, 250 qram doğranmış göbələk, 2 çay qaşığı limon suyu, 2 xörək qaşığı süd, istəyə uyğun keşniş, duz və istiot.

Əvvəl çörəyi iki yerə böldüm. Bölünmüş hissələri yenidən şaquli olaraq iki yerə ayırdım, alındı dörd hissə. İçindəki yumşaq çörəyi kəsib çıxardım. Zeytun yağını şəkildəki kimi yaxşıca çörəklərə sürtdüm. Daha sonra 220 dərəcə öncədən istidiyim sobaya qoyub 8-10 dəqiqə ərzində rəngi tündləşib xırçıltılı olanadək qızartdım.


Çörəklər qızaran müddətdə göbələk, limon suyu və südü kiçik bir qazanda aşağı hərarətdə bişməyə qoydum. Suyu tam çəkilənədək qaynatdım və keşniş əlavə edib daha bir neçə dəqiqə qarışdırdım. Qazanı qazın üstündən götürüb duz və istiot vurdum.
Hazır olan çörəklərin üstünə göbələkləri əlavə etdim və qəlyanaltı hazır oldu.
Nuş olsun!


photos © vhsoy

Thursday, 11 July 2013

Sürpriz küftələr

Bu gün sizə spagetti və ya makaronla servis edilə biləcək ləzzətli küftə resepti təqdim edirəm.
Mozzarella pendiri ilə hazırlanır bu yemək. Küftənin içində əriyən pendir yeməyə xüsusi dad verir.
Tərkibi:
1) Küftə: soğanın 1/4 hissəsi, 1 yumurta, keşniş, 450 qram çəkilmiş mal əti, kub şəkilində doğranmış 100qram mozzarella pendiri, 50 qram un, 2 xörək qaşığı tərəvəz və ya zeytun yağı
2) Göbələkli sous: 25 qram kərə yağı, 50 qram un, 300ml toyuq suyu, 100 qram doğranmış göbələk, 125ml qaymaq, duz və istiot

Soğan, yumurta və azacıq keşnişi təxminən 20saniyə blenderdə xırdaladım. Blenderim kiçik olduğu üçün ətə bu qarışığı, duz və istiot əlavə edib yaxşı yoğurdum. Reseptə əsasən əti də blenderdəki qarışığa qatıb xırdalamaq lazımdır. Hazır olan ətdən bir qaşıq götürdüm və içinə pendirdən qoyub yumurladım. Küftələri una batırıb 10 dəqiqə kənarda saxladım.Sonra yağı tavada isidib küftələrin hər tərəfini 10-15 dəqiqə ərzində bişirdim. Hazır olduqdan sonra onları kağız salfetin üzərinə yığdım.

Küftələr qızaran müddətdə həm də sousu hazırladım. Kərə yağını kiçik bir qazanda əritdim. Sonra unu əlavə edib 1 dəqiqə ərzində qarışdıraraq bişiridim. Qazanı qazın üzərindən götürüb yenə qarışdıraraq hissə-hissə toyuq suyunu əlavə etdim. Qazanı qazın üstünə qaytarıb sous qatılaşanadək qarışdırdım. Sonra isə göbələkləri sousa qatdım. Təxminən 4 dəqiqə ərzində arabir qarışdıraraq sousu qaynatdım. Sonda isə qaymaq, duz və istiot əlavə edib daha bir neçə dəqiqə bişirdim.

Soyumuş küftələri təmiz bir tavaya düzdüm və sousu asta-asta üzərinə tökdüm. Aşağı hərarətdə 10 dəqiqə bişməyə qoydum və hazır oldu.
Nuş olsun!

photos © vhsoy