Saturday, 29 June 2013

Keçibuynuzundan brauni

Uzun zamandır ki, bloqumu yeniləyə bilmirdim. Nəhayət ki, boş vaxt tapıb sevimli məşğuliyyətlərimdən birini yenidən sizinlə bölüşürəm.
Şirniyyatın reseptini yazmamışdan öncə tərkibinə qatılan keçibuynuzu tozu haqqında məlumat vermək istəyərdim. Mən güclü allergiyadan əziyyət çəkirəm, daha doğrusu, çəkirdim. Ta ki, Vüsalın anası televiziyada allergiyaya qarşı istifadə oluna bilən bu bitki haqqında eşidənədək. Xoşbəxtlikdən meyvəsini Londonda yerləşən türk dükanlarından birində tapdım və yeməyə başladım. Tez bir zamanda mənə təsir etməyə başladı. Demək olar ki, heç bir dərmandan istifadə etmirəm artıq.
Keçibuynuzu (ingiliscə carob) Aralıq dənizi ölkələrində yetişən ağacdır. Qədimdə şəkər əvəzi istifadə olunan keçibuynuzunu meyvə, toz və bəhməz halında əldə etmək mümkündür.
Aranızda allergiyadan əziyyət çəkən varsa, mütləq istifadə etməyi məsləhət görürəm.
Bir xeyli müddətdir ki, şəkərdən istifadəni dayandırdığımdan, şəkərsiz bişintilərlə başımı qatmağa çalışıram. Bu resepti mənə bir tanışım vermişdi.
İndi isə brauninin hazırlanma qaydasını sizinlə paylaşıram.
Tərkibi:yarım stəkan un, 6 xörək qaşığı keçibuynuzu tozu, bir çimdik duz, yarım stəkan bal, 200 qram kərə yağı, 2 yumurta, istəyə uyğun xırdalanmış ləpə
 Əvvəlcə unu, keçibuynuzu tozunu və duzu bir qabda qarışdırdım.
Sonra isə yağ və balı mikserlə təxminən 5 dəqiqə çalıb yumurtaları əlavə etdim. Daha bir neçə dəqiqə də qarışdırdım. Qeyd etməliyəm ki, yağ düyün kimi qalmamlıdır.
Unlu qarışımı kremə əlavə edib əvvəl taxta qaşıqla, sonra isə mikserlə yaxşıca çaldım.
Aşağıdakı kimi alındı:

Qarışığı öncədən 220 dərəcədə isitdiyim tavaya əlavə etdim. Tavanının dibini əvvəlcədən azca yağlamaq gərəkdir. İstəyə uyğun olaraq doğranmış ləpələrdən də üzərinə vurmaq olar.
Braunilər təxminən 35-40 dəqiqəyə hazır oldular. Onları servis etməmişdən öncə tavanın soyumasını gözləmək lazımdır.
Nuş olsun!

photos © vhsoy